понедельник, 3 сентября 2012 г.

Maşennik ve sığorta

Ceyhun Qubatov
İlk görüş. Sığorta ilə ilk rastlaşmağım  keçən əsrin 80-ci illərində olmuşdu. Uşaq olduğumdan dumanlı gəlir yadıma. Bir onu dəqiq bilirəm ki, bizim evimizi sığortalamaq istəyirdilər. O zamanlar sığorta fərqli idi  Azərbaycanda. Bilmirəm nə qədər pul dövr edirdi. Amma indi qarşımızda 200 milyonluq sığorta bazarı var. Sığorta ilə növbəti qarşılaşma universitet illərinə təsadüf edir. Nə qədər qəribə olsa da, “maşennik” sözü yadımda qalıb. O vaxtlar, bir sığorta şirkətindən iş təklifi olunmuşdu mənə. Kimdən məsləhət aldımsa bu sözü dedi: Onlar maşennikdirlər. Mən də elə düşünməyə başladım. Vaxt keçdikdən sonra isə fikirlərim dəyişdi. Fikirlərim dəyişdikcə onlardan asılı olmadan bazar da, dəyişirdi. Və əvvəldə qeyd etdiyimiz kimi 200 milyonluq bazar oldu. Fikrimizi rəqəmlərlə daha dəqiq ifadə etsək 2012-ci ilin yanvar-iyul aylarında Azərbaycan sığorta bazarında yığım 201 509 390. 59 manat olmuşdur. Hadisələrə görə ödəniş isə 49 469 149.40 manat olmuşdur. Amma hələ də, cəmiyyətdə sığortanı yalan hesab edənlər var. Bu da normaldır. Kimsə də, indi bunu oxuyur və düşünür ki, bu nə yazılardı ki, belə. Və yaxud kimsə də, elə indicə bu səhifəni bağladı. Hörmətli oxucu əgər bura qədər oxuyub bağlamaq istəyirsənsə, DAYAN! Çünki bura qədər oxumusansa bir qədər artıq da, oxuya bilərsən. Odur ki, davam edək.
Ceyhun Qubatov
Təkrar biliyin anası deyil. Sığortanın nə olduğunu yazmaq təkrar sayıla bilər. Amma təkrar biliyin yooo... anası deyil. Təkrar biliyin möhkəmləndirilməsidir. Bu biliyin də, möhkəmləndirilməsinə ehtiyac var. Odur ki, yenə də, yazıram. Amma daha sadə: Əvvəldən verilən pul hesabına, sonradan olan problemin qarşılanması sığortadır. İndi isə, sığorta haqqında qanundan Ctrl+c və Ctrl+v edək:  1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın  əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə  əsaslanan münasibətlər sistemi;  Belə bir tərif də, var: Sığorta - qəza, fəlakət, oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir.  Sığorta xeyrədir ziyana yox. Çünki, gözləmədiyin bir hadisənin qarşısında aciz qalmırsan. Əvvəl verdiyin pulun hesabına həmin xərclərin üstələnir. Və daha rahat olursan.
Çips və sığorta. Ən qəribə yarımbaşlıqdır. Hə? Bəlkə, mənasız? Amma oxu. Bilirik ki, hər şeyin sevəni də, sevməyəni də, olur. Kimlərsə də, sığortanı sevmir. Kimsə sığortanı faydasız hesab edə bilər. Normaldır. Sığortanı o kəs faydasız və ya gərəksiz hesab edə bilər ki, sığorta hadisəsi ilə rastlaşmayacağına əmin olsun. Yəni ki, bütün ehtiyacları əbədiyyən ödənsin. Heç vaxt ölməsin. Sonsuz sərvət sahibi olsun. Hər zaman hər şeydən məmnun olsun.  Elə birisi ki, heç vaxt heç nə itirməyəcək. İtirsə belə bundan zərrə qədər də, narahat olmayacaq.  Belə birisi isə yoxdur. Üstəgəl insan ehtiyacları sonsuzdur. Tükənməzdir. Sonsuz ehtiyacla yanaşı, şəxsin psixoloji, sosial və sair xüsusiyyətlərinə görə tələbatı da olur. Mən iqtisadiyyat dərsi keçmək fikrində deyiləm. Hamı bilir ki, kim nə almaq istəsə ona həmin şeyi satacaqlar. İndiki cəmiyyət formalaşmağa başlayanda çips deyilən şey yox idi. Amma kartof var idi. Tarixin hansısa dönəmində kim isə çox nazik doğranılıb qızardılmış kartof istədi və bu çips oldu. Kimlərsə icbari sığortanın qiymətləri qalxanda onu yaxşı qarşılamırdı. Amma heç bir il də, keçməyib və bu artıq məqbul sayılır. Çips kimi.  Eləcə də, kiminsə şəxsi keyfiyyətindən dolayı arzusunda qeyri-adi bir sığorta obyekti ola bilər ki, bu da, yeni bir sığorta kimi bazara çıxa bilər. Bax bu inkişaf deməkdir. Yəgin ki, bir vaxtlar bizim insanı indi təəccübləndirən sığorta növləri bizdə də, məqbul sayılacaq. Onu da eynən çips kimi qarşılayacaqlar.
Bu qədər. Sonda maşennik haqda. Sığorta şirkətləri və mənfi imic barədə əvvəl yazmışdım. Sığorta fırıldaqçılıq deyil. Niyə? Çünki 200 milyonluq fırıldaqçılıq olmur. Ələxsus dövlətin nəzarətində olan və tənzimlənən bir qurumlar bunu edə bilməzdirlər. Bir də ki, fırıldaqçılar heç kəsə 49 469 149.40 manat verməz. Yox əgər yenə də, sığortaçını fırıldaqçı hesab edən varsa...heç nə. Sadəcə heç nə.
 
 
 
 

 

Комментариев нет:

Отправить комментарий